MediaTek şirkəti hələ bir neçə müddət bundan öncə Dimensity 9300 flaqman prosessorunu təqdim etdi. İndi isə şirkət onun bir qədər sadələşdirilmiş versiyası olacaq Dimensity 8300-ün təqdimatına hazırlaşır. Qeyd etmək lazımdır ki, sözügedən prosessor artıq sabah təqdim olunacaq. İndi isə bu subflaqman prosessorun bəzi texniki özəllikləri ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Dimensity 8300-də nüvələr “1+3+4” sxemi üzrə yerləşəcəklər.
Bu isə o deməkdir ki, prosessor özündə 2.8 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X3 nüvəsini, 2.4 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A715 nüvəsini və 1.6 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsini birləşdirəcək. Prosessorun qrafik imkanlarından isə Mali-G615 MC6 qrafik çipi cavabdeh olacaq. Hal hazırda smartfonlar üçün nəzərdə tutulmuş subflaqman prosessorlar arasında ən güclüsü Snapdragon 7+ Gen 2-dir. Lakin kağız üzərində Dimensity 8300 prosessoru çox maraqlı görünür. Ola bilsin ki, performans baxımından o hətta Snapdragon 7+ Gen 2-ni də geridə qoysun.
Istinad: technote.az